Payız, ətirlərdə dəyişmə mövsümüdür. İsti havalarda bir çox ətir ağırlaşır, amma hava soyuduqca odun notları, ədviyyatlar, dəri, tütün və vanil özünü daha yaxşı büruzə verir. Bu siyahıda isə payız aylarında fərqli xarakterlərə uyğun ətir təkliflərimizi sadalayırıq.
Ətir seçmək bir az da geyim seçməyə bənzəyir. Hər gün kostyum geyinmədiyimiz kimi, hər payız günü də ağır, şirin və “güclü” ətir vurmaq lazım deyil. Bu səbəbdən siyahını beş fərqli xarakter üzərində qururuq.
1. Terre d’Hermès— sakit və özündən əmin kişi
Terre d’Hermès sanki “özünü göstərməyə çalışmayan kişi” qoxusudur.
2006-cı ildə Jan-Klod Ellena tərəfindən yaradılan ətir portağal və qreypfrut kimi sitrus notlarını vetiver, sidr, paçuli və mineral xarakterli flint akkordu ilə birləşdirir.
Nəticə nə həddindən artıq şirin, nə də aqressivdir. Daha çox quru, torpaqvari və təmiz bir xarakterə malikdir.
Kimə yaraşır? Klassik geyimli, ofisdə istifadə üçün çox şirin olmayan ətir axtarışında olan və “mənim ətrim budur” deyə biləcəyi bir klassik ətir istəyən kişilərə.
Nə zaman istifadə oluna bilər? Səhər, iş günü, bleyzer və ya sviterlə.

2. Dior Homme Intense — zövqlü və bir qədər sirli kişi
Dior Homme Intense artıq başqa istiqamətdir.
Süsən, əmbər və odun notları bu ətrə daha yumşaq, isti və bir qədər pudra xarakteri verir. Terre d’Hermès-in quru və torpaqvari hissindən fərqli olaraq, burada daha çox axşam atmosferi var.
Bu, ətir “təravətli duşdan çıxmışam” demir. Daha çox axşam yeməyi, yaxşı restoran, tünd rəngli pencək və soyuq hava assosiasiyası yaradır.
Kimə yaraşır? Bir qədər daha baxımlı və geyimində xırdalıqlara diqqət etməyi sevən kişilərə.
Nə zaman istifadə oluna bilər? Payız axşamlarında. Xüsusilə görüş və ya şam yeməyi üçün.

3. Maison Margiela Replica Jazz Club — rahat və ünsiyyətcil kişi
Jazz Club siyahıdakı ən rahat seçimlərdən biridir.
Rom, tütün, vanil və odun notları ona isti, bir qədər tüstülü və rahat xarakter verir. Adı da təsadüfi deyil — qaranlıq restoran, taxta mebel, zəif işıq və axşam atmosferi hissini hədəfləyir.
Bu ətri geyimlə uyğunlaşdırmaq da asandır: dəri gödəkçə, cins, sviter, çəkmə.
Kimə yaraşır? Çox rəsmi görünmək istəməyən, amma payız üçün xarakterli bir qoxu axtaran kişilərə.
Nə zaman istifadə oluna bilər? Axşam, dostlarla görüş, kafe, konsert və ya sadəcə şəhərdə uzun bir payız gecəsi üçün.

4. Tom Ford Ombre Leather — cəsarətli və dominant kişi
Ombre Leather siyahının ən riskli seçimidir.
Dəri, hil, yasəmən və əmbər üzərində qurulan kompozisiya kifayət qədər dominantdır. Bir dəfə iyləyəndən sonra yaddaşınıza həkk olur — və bu ətrin həm üstünlüyü, həm də problemidir.
Bu ətir bəzilərinə çox ağır və kəskin gələ bilər. Ona görə “nə qədər çox vursam, bir o qədər yaxşıdır” yanaşması burada bir qədər riskli ola bilər.
Kimə yaraşır? Dəri qoxusunu sevən və daha tünd xarakterli ətirlərlə rahat olan kişilərə.
Nə zaman istifadə oluna bilər? Soyuq axşamlarda, maksimum bir neçə püskürtmə ilə.

5. Parfums de Marly Layton — baxımlı və diqqət cəlb edən kişi
Layton siyahının daha şirin və cilalanmış seçimidir.
Alma, lavanda, vanil və odun notlarının kombinasiyası onu digər dörd ətirdən fərqləndirir. Əgər payız deyəndə ağlınıza isti, şirin və bir qədər lüks hiss gəlirsə, Layton bu düşüncələrinizi tamamlayacaq.
Burada risk Ombre Leather-dəki kimi kəskinlik deyil, şirinliyin dozasıdır. Çox vurulduqda həddindən artıq hiss oluna bilər.
Kimə yaraşır? Daha modern, baxımlı və şirin ətirlərdən çəkinməyən kişilərə.
Nə zaman istifadə oluna bilər? Axşam və xüsusi görüşlər üçün. Soyuq havada xüsusilə yaxşı seçimdir.

Bizim seçimimiz hansıdır?
Əgər yalnız birini seçməli olsaq, yəqin ki bu, Terre d’Hermès olardı. Çünki istifadə diapazonu daha genişdir və müəyyən bir geyim və ya vəziyyətə məhdudlaşmır.
Amma beş ətrin hərəsinin öz yeri var:
- Terre d’Hermès — gündəlik və klassik - Dior Homme Intense — axşam və daha baxımlı görünüş - Jazz Club — rahat, isti və payız ab-havası - Ombre Leather — tünd və dominant - Layton — şirin, modern və diqqətçəkən

